İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Hacıqabul Sənaye Məhəlləsində məhsul istehsalı bu ilin birinci yarısında 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 6 dəfə artaraq 32,1 milyon manat təşkil edib.
Bu barədə “Report”a İZİA-dan bildirlib.
Məlumata görə, istehsal edilən məhsullar daxili bazarın tələbatının ödənilməsinə yönəldilib.
Sənaye Məhəlləsində indiyədək dəyəri 76 milyon manatdan çox məhsul istehsal edilib.
Yüz nəfərdən çox insanın daimi işlə təmin edildiyi Sənaye Məhəlləsində ümumi investisiya həcmi 57,7 milyon manatdan çox olan 13 sahibkarlıq subyekti rezident kimi qeydiyyatdan keçib və bunlardan 8-i artıq fəaliyyətə başlayıb. Sənaye Məhəlləsinin rezidentləri minik avtomobillərinin, tikinti materiallarının, müxtəlif növ polad şurupların, taxta məhsullarının, plastik qabların və taraların istehsalı və s. sahələr üzrə ixtisaslaşıb.
Mövcud layihələr üzrə Sənaye Məhəlləsinə əlavə olaraq 32,3 milyon manat investisiyanın yatırılması, 390-dan artıq daimi iş yerinin yaradılması nəzərdə tutulur.