İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Hacıqabul Sənaye Məhəlləsində indiyədək dəyəri 44 milyon manata yaxın olan məhsul istehsal edilib.
Bu barədə "Report"a İZİA-dan bildirilib.
Sənaye Məhəlləsində məhsul istehsalında müsbət dinamika müşahidə olunur. Belə ki, 2021-ci ildə Sənaye Məhəlləsində 4,77 milyon manatlıq məhsul istehsal edilmişdisə, 2022-ci ildə 8 dəfədən çox (dəyəri 38 milyon manatdan artıq) məhsul istehsal olunub. İstehsal edilən məhsullar daxili bazarın tələbatının ödənilməsinə yönəldilib.
100 nəfərdən çox insanın daimi işlə təmin edildiyi Sənaye Məhəlləsində ümumi investisiya həcmi 51 milyon manatdan çox olan 13 sahibkarlıq subyekti rezident kimi qeydiyyatdan keçib və bunlardan 7-si artıq fəaliyyətə başlayıb. Sənaye Məhəlləsinin rezidentləri minik avtomobillərinin, müxtəlif növ və ölçüdə polad şurupların, taxta məhsulların, plastik qabların, tikinti materiallarının, plastik taraların istehsalı və s. sahələr üzrə ixtisaslaşıb.
Qeyd edək ki, Hacıqabul Sənaye Məhəlləsi mikro, kiçik və orta sahibkarların fəaliyyətinin dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi, əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədilə dövlət başçısının 2017-ci il 25 iyul tarixli Sərəncamı ilə yaradılıb.