Bakı. 21 yanvar. REPORT.AZ/ Azərbaycanda qızıl hasilatı illik müqayisədə 15,6% artaraq 2014-cü ildə 1 872,5 kq təşkil edib.
"Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, hesabat ilində ölkədə gümüş hasilatında isə əksinə, azalma müşahidə olunub. Hasilat 62% azalaraq 239,3 kq olub.
Xatırladaq ki, Azərbaycanda qızıl və gümüş 1997-ci il avqustun 21-də imzalanmış PSA (Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasil olunur. Müqavilə 6 yatağın - Naxçıvanda 1, Gədəbəydə 2, hazırda erməni işğalı altında olan Kəlbəcər və Zəngilanda 3 yatağın işlənməsini nəzərdə tutur. Müqavilədə Azərbaycanın payı 51%, Böyük Britaniyanın "Anglo Asian Mining Plc." şirkətinin payı 49% təşkil edir. "Gədəbəy" yatağından ilk qızıl hasilatına 2009-cu ildə başlanılıb.
Qeyd edək ki, 2014-cü ildə Azərbaycanda daha bir neçə yerdə qızıl yataqları kəşf edilib. Kəşf olunan yataqlar üzərində hazırda hesablama işləri aparılır.