“Gəncə Avtomobil Zavodu”nun satışının maya dəyəri 17 %-dən çox azalıb
- 03 avqust, 2024
- 05:52
“Gəncə Avtomobil Zavodu” (GAZ) İstehsalat Birliyi 2023-cü ili 5,631 milyon manat xalis mənfəətlə başa vurub.
“Report” zavodun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 8,2 % azdır.
Ötən il GAZ-ın əsas əməliyyat (satışdan) gəliri 131,136 milyon manat (əvvəlki ilə nisbətən 16 % az), satışının maya dəyəri 114,691 milyon manat (17,2 % az), kommersiya xərcləri 3,115 milyon manat (2,1 % az), inzibati xərcləri 3,426 milyon manat (5,5 % az), sair əməliyyat xərcləri 2,865 milyon manat (4,9 % az), mənfəət vergisi ödəmələri isə 1,408 milyon manat (8,2 % az) təşkil edib.
Bu il yanvarın 1-nə GAZ-ın aktivləri 68,413 milyon manat olub ki, bu da illik müqayisədə 22,9 % azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 38,8 % azalaraq 40,373 milyon manata, balans kapitalı isə 22,9 % artaraq 28,04 milyon manata çatıb.
Nizamnamə kapitalı 3,573 milyon manat olan GAZ-ın əsası 1986-cı ildə qoyulub və 30 min ədəd ortatonnajlı avtomobillərin istehsalı üçün hesablanıb. Zavodun tikintisi layihəyə görə 1989-cu illdə başa çatmalı olsa da, Sovet İttifaqının dağılması nəticəsində yarımcıq qalıb. Yalnız 2004-cü ilin dekabırında müəssisə işə düşüb və burada ilk avtomobil yığılıb.