Ermənistanın mədən sənayesi ölkənin milli iqtisadiyyatının əsas hərəkətverici qüvvəsindən biridir. Bu ölkə dəmir, mis, molibden, qurğuşun, sink, qızıl, gümüş, antinomiya və alüminiumla zəngindir, dövlət reyestrində hazırda 670 mineral (o cümlədən 25 dən çox metal mədəni) mədəni qeydə alınıb . Mədənçıxarma sənayesi 2019-cu ildə ÜDM-in formalaşmasında 2.8%-lik paya malik olub.
"Report" xəbər verir ki, bu barədə İqtisadi islahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, bu sənaye ölkə ixracının əhəmiyyətli bir hissəsini təşkil edir. Belə ki, 2019-cu ilə Ermənistanın cəmi ixracı 2,6 milyard ABŞ dolları olub və onun 16%-ni qiymətli və ya azqiymətli daşlar, qiymətli metallar və onlardan hazırlanan məmulatların ixracı 415 milyon ABŞ dolları təşkil edib. Burada əsasən 710813 kodu üzrə qızıl, digər yarımişlənmiş formalarda çubuqlar, məftillər və profillər, lövhələr, təbəqələr və digərləri təşkil edib. 2019-cu ildə mis və ondan hazırlanan məmulatların ixracı azalmış, alüminium və ondan hazırlanan məmulatların ixracı isə 100 milyon ABŞ dolları təşkil edib. Qara metalların ixracı isə 150 milyon ABŞ dolları təşkil edib.
Göründüyü kimi qiymətli və az qiymətli metallar və onlardan hazırlanan məmulatlar Ermənistanın ixracının dörddə birindən çoxunu təşkil edir. Təkcə son 5 ildə mədən sənayesinin ixracından Ermənistana gələn valyutanın həcmi orta hesabla hər il üçün 500 milyon ABŞ dollarından çox olub. Bu da onu göstərir ki, bu sənaye Ermənistana valyuta gətirən önəmli sahədir. Məhz Rusiyadan sonra Ermənistanın əsas ixrac tərəfdaşının İsveçrə olması da bununla bağlıdır. Metal filizləri və konsentratlarının istehsalı bu sektorun istehsal dəyərinin təxminən 98%-ni təşkil edir.
Bu ilin sentyabr ayının 27-də Ermənistanın Azərbaycana qarşı təcavüzünə cavab olaraq, ordumuzun başladığı əks həmlə hərəkatı bu ölkənin dağ-mədən sənayesinin çöküşünü sürətləndirib. Belə ki, təkcə Azərbaycanla sərhəddə yerləşən Sotk qızıl mədəninin tamamilə dayanması ümumilikdə ölkənin dağ mədən sənayesinin istehsalına əhəmiyyətli təsir göstərəcəyi gözlənilir.
Məlumat üçün qeyd edək ki, Sotk Ermənistanın ən böyük qızıl mədənidir. Bu mədən Azərbaycanla sərhəddə yerləşir. Ermənistan tərəfi Sotk mədəni ilə yanaşı həm də qanunsuz olaraq Azərbaycan ərazisindəki Söyüdlü – Zod qızıl mədənini də istismar edir. Qeyd edək ki, Azərbaycan ordusunuz uğurlu əməliyyatı nəticəsində Murovdağ zirvəsi azad olunmasından dərhal sonra Ermənistan Sotk mədənində işləri dayandırdığını bildirdi. Bununla yanaşı Ermənistanda hərbi səfərbərliyin başlaması və ölkənin digər mədənlərində də işlərin yavaşlamasına səbəb olub. Çünki mədənlərdəki işçi qüvvəsi əsasən kişilərdir və onlar səfərbərlik çərçivəsində orduya cəlb olunurlar. İlkin hesablamamıza görə, savaşın davam etdiyi 3 həftə ərzində Ermənistan iqtisadiyyatı təkcə dağ mədən sənayesində yaşanan problemlər səbəbindən təxminən 20 milyon ABŞ dollarından çox zərər edib. Təbii ki, bu azalma məhz bu sektor üzrə ixracın da azalmasına əhəmiyyətli dərəcədə təsir göstərəcəkdir. Eyni zamanda, unutmayaq ki, dağ-mədən sənayesində fəaliyyət göstərən şirkətlər ölkənin iri vergi ödəyiciləridirlər və bu sahədə istehsalın geriləməsi Ermənistanın dövlət büdcəsinin gəlirlərinin azalmasına da səbəb olacaq.