Ələt Azad İqtisadi Zonasında investorların əmlakı milliləşdirilməyəcək
- 21 oktyabr, 2021
- 11:50
Bakının Qaradağ rayonunun Ələt qəsəbəsində yerləşən Azad İqtisadi Zonada investorların əmlakının milliləşdirilməsi qadağan edilib.
Bunu "Report"a açıqlamasında Zonanın səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov bildirib.
"İnvestorların əmlakı heç bir halda milliləşdirilə bilməz, səlahiyyətli qurum bu və yaxud digər məhdudiyyətlərdən qorunmağa təminat verir", - deyə o, qeyd edib.
Bundan başqa, V.Ələsgərov deyib ki, Zonada investorlar əlavə dəyər vergisi (ƏDV), ödəmə mənbəyindən vergi, gəlir vergisi və bu kimi digər korporativ vergidən azaddırlar. Buraya idxal və buradan ixrac zamanı gömrük rüsumları və vergilər tətbiq olunmur. Yüksək ixtisaslı əcnəbi işçilər sosial sığorta ödənişləri və digər oxşar vergi və ödənişlərdən azaddırlar. Aylıq əməkhaqqı 8 000 manatı yaxud təxminən 4 700 ABŞ dollarını keçməyən yerli işçilər üçün gəlir vergisi tətbiq olunmur. Əcnəbi şəxslərin mülkiyyət sahibi olmasına heç bir məhdudiyyət qoyulmur. Bu həm fiziki, həm də hüquqi şəxslərə aiddir. Həmçinin xarici investor üçün yerli tərəfdaş tələb edilmir. Valyuta əməliyyatlar və yaxud mənfəətin repatriasiyasına heç bir məhdudiyyət yoxdur".
Onun sözlərinə görə, Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumu həmçinin investorların əqli mülkiyyət hüquqlarının tam qorunmasına təminat verir: "Biz həmçinin yerli kadrların peşə hazırlığına kömək etməklə yanaşı Zonada fəaliyyət göstərəcək müəssisələri yüksək ixtisaslı kadrlarla təmin etməyə hazırıq".
"İnvestorlar üçün nəzərdə tutulan təşviqlərdən biri də “Bir pəncərə” qaydasında çalışacaq “Biznes Xidmətləri Mərkəzi”dir. Bu mərkəz investorların fəaliyyətinə dəstək olmaqla yanaşı, müəssisələrin ən qısa zamanda qeydiyyatını və yaradılmasını təmin edəcək, investorlara imkan verəcək ki, zəruri sənədləri ayrı-ayrı qurumlardan deyil, qısa müddətdə bir yerdən əldə etsinlər. Ələt Azad İqtisadi Zonasının uğurlu fəaliyyətini təmin edəcək amillərdən biri Zonanın səlahiyyətli qurumunun müstəqil olmasıdır. Bu amil investorlarda inam və etimadın formalaşmasına gətirib çıxaracaq, onların daha çox sərmayə yatırmasına, müəssisələrini böyütməsinə, istehsalı artırmasına və daha çox iş yerləri yaratmasına səbəb olacaq. Unikal qanunvericilik fiskal və qeyri-fiskal imtiyazlardan əlavə investorları zəruri infrastruktur və kommunal xidmətlərlə, eləcə də torpaq sahələri ilə təmin edəcək".