Yuxarı

Əfqanıstanın Azərbaycandakı səfiri İqtisadiyyat və Sənaye Nazirliyində olub

Ölkələr arasında iqtisadi əməkdaşlığın inkişafı və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb

Bakı. 16 mart. REPORT.AZ/ İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Əfqanıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mohammad Taqi Xalilini qəbul edib.

“Report” Nazirliyin məlumatına əsasən xəbər verir ki, görüşdə Ş.Mustafayev Azərbaycan və Əfqanıstan arasında əlaqələr və əməkdaşlığın genişləndirilməsi imkanlarını diqqətə çatdırıb. Bildirilib ki, iki ölkə arasında ticarət əlaqələrinin inkişafı, enerji, tranzit, təhsil kimi sahələrdə əməkdaşlıq üçün potensial mövcuddur, Əfqanıstan Azərbaycanın neft-qaz sahəsindəki təcrübəsindən yararlana bilər. Azərbaycan şirkətləri Əfqanıstanda mədən, tikinti materiallarının istehsalı, su, enerji və infrastruktur layihələrinin icrasında maraqlıdır. Azərbaycanlı nazir ölkələr arasında əməkdaşlığın inkişafı baxımından hüquqi bazanın genişləndirilməsinin vacib olduğunu və bu sahədə işlərin sürətləndirilməsinin əhəmiyyətini qeyd edib. Bütün bu işlərin həyata keçirilməsi üçün isə ilk olaraq iki ölkə arasında işçi qrupu yaradıla bilər.

Əfqanıstan səfiri M.T.Xalili Azərbaycan nümayəndə heyətinin bu yaxınlarda Əfqanıstana səfərini xatırladaraq, səfərin və keçirilmiş görüşlərin ölkələr arasında əlaqələrin genişləndirilməsi baxımdan əhəmiyyətini vurğulayıb. Səfir Əfqanıstan və Azərbaycan arasında əlaqələrin inkişafı istiqamətində müzakirə edilən məsələlərin reallaşdırılması üçün səylərini davam etdirəcəyini bildirib.

Görüşdə iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişafı, Əfqanıstan nümayəndə heyətinin Azərbaycana nəzərdə tutulan səfəri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi