Donald Trampın açıqlaması “Ford Motor”un planlarını dəyişib

Donald Trampın açıqlaması “Ford Motor”un planlarını dəyişib Şirkət Meksikada zavod tikmək və “San Potosi” adı ilə maşın buraxmaqdan imtina edib
Sənaye
4 Yanvar , 2017 14:51
Donald Trampın açıqlaması “Ford Motor”un planlarını dəyişib

Bakı. 4 yanvar. REPORT.AZ/ ABŞ-ın avtomobil istehsalçısı “Ford Motor” Meksikada zavod tikmək və “San Potosi” adı ilə maşın buraxmaq planlarından imtina edib. “Report” xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb ölkənin yeni seçilmiş prezidenti Donald Trampın şirkətin yerli rəqibi olan “General Motors” korporasiyası ilə bağlı “Twitter” sosial şəbəkəsindəki açıqlaması olub.

Belə ki, ABŞ-ın yeni rəhbəri “General Motors”un Meksikada “Chevy Cruze” markalı avtomobil istehsal etməsini tənqid edərək buna görə korporasiyanın vergi öhdəliklərinin artırılacağını bildirib. Bu isə, “Ford Motor”un planlarını dəyişib.

Şirkətin rəhbəri Mark Filds isə bəyan edib ki, Meksika ilə bağlı qərar təkcə D.Trampın açıqlaması ilə bağlı deyil. Onun sözlərinə görə, ABŞ-ın yeni prezidentin kimliyindən asılı olmayaraq “Ford Motor” zavod tikməkdən imtina edəcəkdi: “Çünki “San Potosi” markasına ABŞ bazarında böyük tələbat olmayacaqdı”.

Bununla yanaşı, M.Filds bildirib ki, rəhbərlik etdiyi şirkət Miçiqan ştatında hibrid avtomobillər və elektromobillər istehsal edəcək zavodun inşasına 700 mln. dollar pul qoyacaq.

Xatırladaq ki, “Ford Motor” Meksikadakı layihəyə 1,6 mlrd. dollar xərcləməyi planlaşdırırdı. D.Tramp isə seçki kampaniyası dövründə bu məsələyə münasibət bildirərək onu “mütləq rüsvayçılıq” adlandırıb. Bu açıqlama və “Ford Motor”un qərarı Meksika pesosunun məzənnəsinin zəifləməsi ilə nəticələnib. 

Son xəbərlər

Orphus sistemi