Bakı. 27 fevral. REPORT.AZ/ Çexiyanın sənaye və ticarət naziri Yan Mladek martın 3-də Azərbaycana səfər edəcək.
Çexiyanın Azərbaycandakı səfirliyindən "Report"a bildirilib ki, Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev və digər hökumət rəsmiləri ilə danışıqlar zamanı iki ölkə arasında iqtisadi əməkdaşlığın gələcək inkişaf perspektivləri müzakirə olunacaq.
Qeyd edək ki, Azərbaycan və Çexiya arasında ticarət dövriyyəsi 2014-cü ildə 1,5 mlrd. avroya çatıb. Bu da 2013-cü ildəki göstəricidən 23% çoxdur. Çexiya Azərbaycandan əsasən neft alır, Azərbaycana isə sənaye avadanlığı və istehlak malları ixrac edir.
Rəsmi səfər çərçivəsində Çexiyanın 32 şirkət və banklarının iştirakı ilə biznes forum təşkil olunacaq. Tədbir Azərbaycan İqtisadiyyat və Sənaye Nazirliyinin yaratdığı İxrac və Sərmayələrin Təşviqi Fondu (AZPROMO) tərəfindən təşkil olunacaq. Çexiya tərəfindən təşkilatçı kimi MDB ölkələri ilə iqtisadi əlaqələr üzrə Palata çıxış edir.