Bu zavod “Şahdəniz-2” layihəsini kabellə təchiz edib - REPORTAJ

Bu zavod “Şahdəniz-2” layihəsini kabellə təchiz edib - REPORTAJ Bakı. 4 sentyabr. REPORT.AZ/ Azərbaycanda sənayenin inkişafı baxımından Sumqayıt Texnologiyalar Parkı (STP) mühüm yer tutur. Ölkənin aparıcı sənaye obyekti və istehsal mərkəzi olan Park 2009-cu il dekabrın 22-də Prezident İlham Əliyevin iştirakı ilə istismara verilib.
Sənaye
4 Sentyabr , 2018 16:39
Bu zavod “Şahdəniz-2” layihəsini kabellə təchiz edib - REPORTAJ
Report/Elçin Murad

Bakı. 4 sentyabr. REPORT.AZ/ Azərbaycanda sənayenin inkişafı baxımından Sumqayıt Texnologiyalar Parkı (STP) mühüm yer tutur. Ölkənin aparıcı sənaye obyekti və istehsal mərkəzi olan Park 2009-cu il dekabrın 22-də Prezident İlham Əliyevin iştirakı ilə istismara verilib.

Ümumi sahəsi 250 hektar olan STP-nin ərazisində 13 zavod fəaliyyət göstərir ki, bunlardan da bəziləri, o cümlədən Kabel Zavodu ixrac yönümlüdür.

Zavodun fəaliyyəti barədə “Report”a sex rəisi Yusif Əhmədov açıqlama verib.

Onun sözlərinə görə, STP-nin açılması ilə eyni vaxtda istifadəyə verilmiş bu müəssisə 6,5 hektar ərazidə yerləşir və bütün sutka ərzində fəaliyyət göstərir. Burada iş 3 növbəlidir. İşçilərin sayı 135-dir ki, bunların da 70-80%-i ali təhsillidir.

Y.Əhmədov qeyd edib ki, Kabel Zavodunun fəaliyyəti üçün lazım olan xammalın bir hissəsi xarici, bir hissəsi isə daxili tərəfdaşlar hesabına təmin edilir: “Bu gün Finlandiya, Avstriya və İtaliya kimi Avropa ölkələrindən mis külçələr, Gəncə Alüminium Zavodundan isə alüminium külçələr əldə edilir və əridilərək elektrotexniki çubuqlar istehsal olunur. Zavodun illik istehsal gücü mis elektrotexniki çubuqlar üçün 40 min ton, alüminium mis elektrotexniki çubuqlar üçün isə 40 min tondur”.

Onun sözlərinə görə, Kabel Zavodunda həmçinin yalnız dünyanın 6 ölkəsində istehsal olunan alçaq və yüksəkgərginlikli kabellər də ərsəyə gətirilir: “Bu, MDB məkanında və Yaxın Şərq regionunda bir ilkdir. Məhsullarımız en kəsiyi 150 mm2-dən 3000 mm2-ə qədər, işçi gərginliyi 10 kVt-dan 500 kVt-a qədər olan kabellərdir. Zavodun fəaliyyət göstərdiyi 9 ilə yaxın müddət ərzində burada 28-29 min ton kabel istehsal olunub. Hazırda en kəsiyi 0,5 mm2-dən 2 500 mm2-ə qədər cərəyan keçirən damarların istehsalı mümkündür. Bununla bərabər gərginliyi 1 kVt-dan 220, 330 və 500 kVt-a qədər kabellər istehsal olunaraq test edilib”.

Qeyd edək ki, Kabel Zavodunun məhsulları qonşu Gürcüstana, eləcə də Rusiya da daxil olmaqla bir sıra MDB ölkələrinə ixrac edilir. Həmin məhsullardan həmçinin “Şahdəniz 2” layihəsində, Bakı Olimpiya Stadionunun və Bakı Kristal Zalının tikintisində istifadə olunub. 

Son xəbərlər

Orphus sistemi