Bu il Naxçıvanda sənaye istehsalı 2 %-dən çox artıb

Sənaye
  • 21 iyul, 2022
  • 08:53
Bu il Naxçıvanda sənaye istehsalı 2 %-dən çox artıb

2022-ci ilin yanvar-iyun aylarında Naxçıvan Muxtar Respublikasında 590 milyon 692,1 min manat dəyərində sənaye məhsulu istehsal olunub ki, bu da bir il öncəki göstəricini 2,1 % üstələyib.

“Report” bu barədə muxtar respublikanın Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Sənaye məhsulu istehsalının 94,2 %-i malların, 5,8 %-i isə xidmətlərin payına düşüb. İstehsal olunan sənaye məhsulunda özəl bölmənin payı 92 % təşkil edib.

2022-ci ilin yanvar-iyun aylarında muxtar respublikada dövlət dəstəyi ilə iqtisadi fəaliyyətin müxtəlif sahələrində 68 layihə üzrə istehsal və xidmət obyektləri yaradılıb, 58 layihə üzrə istehsal və xidmət obyektlərinin yaradılması isə davam etdirilib.

Sənayenin inkişafı məqsədilə bank və kredit təşkilatları tərəfindən təsərrüfat subyektlərinə 2022-ci ilin yanvar-iyun aylarında 8 milyon 500,5 min manat kredit verilib ki, bu da bir il öncəki göstəricidən 10,1 % çoxdur.