Bu il Bakıda sənaye istehsalı 17 % azalıb

Sənaye
  • 26 iyun, 2023
  • 06:28
Bu il Bakıda sənaye istehsalı 17 % azalıb

Bu ilin yanvar-may aylarında Bakı şəhərində sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 25,2 milyard manat təşkil edib.

Bu barədə “Report” Bakı şəhər Statistika İdarəsinə istinadən məlumat verib.

Bildirilir ki, bu, ötən ilin ilk 5 ayı ilə müqayisədə 5,2 milyard manat və ya 17,1 % azdır.

Sənaye məhsulunun 81,7 %-i mədənçıxarma, 15,9 %-i emal, 1,9 %-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,5 %-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

Sənayedə qeyri-dövlət sektorunun payı 88,1 % olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 93,1 %, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 6,9 % təşkil edib.

İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında iyunun 1-nə 432,3 milyon manatlıq hazır məhsul ehtiyatı olub.

Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınıb və satış üçün nəzərdə tutulmuş 59 milyon manat məbləğində digər məhsullar da mövcud olub.

Qeyd edək ki, bu ilin yanvar-may aylarında Azərbaycanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 1,9 % azalaraq 29,6 milyard manat təşkil edib.

Son xəbərlər

Bütün Xəbər Lenti