Bu il “AzerGold” ixrac gəlirlərini 20 % artırıb
- 30 dekabr, 2023
- 09:57
Bu ilin yanvar-noyabr aylarında “AzerGold” QSC 110 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.
“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın dekabr sayında bildirilir.
Bu, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 18,4 milyon ABŞ dolları və ya 20,1 % çoxdur.
Hesabat dövründə Azərbaycanın ümumi ixracı 31,5 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac isə 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 10,5 % artaraq 3 milyard ABŞ dolları təşkil edib.
“AzerGold” Prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli sərəncamı ilə 2016-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 62 milyon manatdır. Cəmiyyətin əsas fəaliyyəti Azərbaycanda qeyri-neft sektorunun inkişafı ilə səciyyələnir və onun əsas məqsədi qiymətli və əlvan metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsidir.