Bu il Azərbaycanda tibbi maska istehsalı 55 % artıb

Sənaye
  • 18 may, 2022
  • 09:54
Bu il Azərbaycanda tibbi maska istehsalı 55 % artıb

Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda 15,2 milyon ədəd tibbi maska istehsal edilib.

Bu barədə “Report”a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, bu, ötən ilin yanvar-aprel ayları ilə müqayisədə 55,1 % çoxdur.

Bu ilin mayın 1-nə ölkədə 5,7 milyon ədəd tibbi maska ehtiyatı yaranıb.

Xatırladaq ki, mayın 1-dən Azərbaycanda maskadan istifadə tələbi ləğv edilib. Mayın 1-dən etibarən xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və s.) istifadə tələbi ləğv edilib.

Eyni zamanda, Azərbaycan Respublikasının beynəlxalq hava limanları ərazisində və ölkədə fəaliyyət göstərən təhsil müəssisələrində tibbi maskalardan istifadə artıq məcburi xarakter daşımır və yalnız tövsiyə edilir.

Qeyd edək ki, Azərbaycanda 2020-ci ilin iyun ayının 1-dən qapalı məkanlarda maska rejimi tətbiq edilib, 2020-ci ilin noyabrın 21-dən isə tibbi maska həmçinin açıq havada da məcburi olub. 2021-ci il mayın 31-də açıq havada maskadan istifadə tələbi ləğv edilib.

Xatırladaq ki, 2020-ci ilin aprelin 6-da “Sumqayıt Kimya Sənaye Parkında yerləşən “Bakı Tekstil Fabriki” MMC-nin tibbi maska istehsalı ilə bağlı müəssisəsi açılıb. Birinci mərhələdə hər gün 120 min tibbi maska istehsal edilirdi, ikinci mərhələdə isə istehsal həcmi 2 dəfə artırıldı.

2020-ci ilin may ayından Sumqayıtda həmçinin “Gilan Tekstil Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin tibbi maska fabriki fəaliyyətə başlayıb. İlk mərhələdə fabrikdə gün ərzində 140 min ədəd maska istehsalı nəzərdə tutulurdu. Mərhələli şəkildə bu göstərici 300 min ədədədək artırılıb.