Bu il Azərbaycanda sənaye istehsalının 86,6 %-i Bakının payına düşüb

Sənaye
  • 29 mart, 2023
  • 12:53
Bu il Azərbaycanda sənaye istehsalının 86,6 %-i Bakının payına düşüb

Bu ilin yanvar-fevral aylarında Bakı şəhərində sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 11 milyard manat təşkil edib.

Bu barədə “Report” Bakı şəhər Statistika İdarəsinə istinadən xəbər verir.

Sənaye məhsullarının 84,1 %-i mədənçıxarma, 13,2 %-i emal, 2,1 %-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,6 %-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

Sənayedə qeyri-dövlət sektorunun payı 89,7 % olub. İstehsalın ümumi həcmində sənaye məhsullarının payı 94,2 %, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 5,8 % təşkil edib.

İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında martın 1-i vəziyyətinə 499,5 milyon manatlıq hazır məhsul ehtiyatı olub.

Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 49,5 milyon manat məbləğində digər məhsullar da mövcud olub.

Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında Azərbaycanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 2,8 % azalaraq 12,7 milyard manat təşkil edib.