Bu il Azərbaycanda istehsal olunan sənaye məhsullarının 85 %-i Bakı hesabına təmin edilib
- 02 oktyabr, 2023
- 12:03
Bu ilin yanvar-avqust aylarında Bakı şəhərində sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 38,2 milyard manat təşkil edib.
Bu barədə “Report” Bakı şəhər Statistika İdarəsinə istinadən məlumat verib.
Bildirilir ki, bu, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 29,9 milyard manat və ya 43,9 % azdır.
Sənaye məhsulunun 79,8 %-i mədənçıxarma, 17,2 %-i emal, 2,1 %-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,9 %-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.
Sənayedə qeyri-dövlət sektorunun payı 87,2 % olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 92,1 %, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 7,9 % təşkil edib.
İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında bu ilin sentyabrın 1-nə 365,4 milyon manatlıq hazır məhsul ehtiyatı olub.
Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 51,1 milyon manat məbləğində digər məhsullar da mövcud olub.
Bakıda istehsal olunan mallar və göstərilmiş xidmətlər ümumi ölkə üzrə istehsalın 84,7 %-ni təşkil edir.
Xatırladaq ki, bu ilin yanvar-avqust aylarında Azərbaycanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 45,1 milyard manatlıq və ya 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,7 % az sənaye məhsulu istehsal edilib.