Bu il “Azəralüminium”un ixrac gəlirləri 18 % azalıb

Sənaye
  • 01 sentyabr, 2023
  • 08:36
Bu il “Azəralüminium”un ixrac gəlirləri 18 % azalıb

Bu ilin yanvar-iyul ayları ərzində "Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə müəssisəsi - “Azəralüminium” MMC 77,4 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.

“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın avqust ayında bildirilir.

Məlumata görə, bu, 2022-ci ilin 7 ayının göstəriciləri ilə müqayisədə 17,9 milyon ABŞ dolları və ya 18,8 % azdır.

Qeyd edək ki, bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanın ümumi ixracı 20,8 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac isə 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 17,8 % artaraq 2 milyard ABŞ dolları təşkil edib.

Xatırladaq ki, “Azəralüminium” əlvan metallurgiya sənayesinin aparıcı sahəsi olan boksit və alunit filizindən alüminium – oksid (gil-torpaq), ilkin alüminium və yarımfabrikat (alüminium vərəq-lövhə, zolaq hər iki üzü boyanmış vərəq və lövhə, billet, külcə və rulon şəklində) məhsullarının istehsalı sahəsi üzrə aparıcı şirkətdir. Onun Gəncə Alüminium Kompleksinin tərkibinə 4 zavod (Elektroliz Zavodu, Anod Prosesləri Zavodu, Metal Tökmə və Fasiləsiz Yayma Zavodu, Təzyiqlə Emal və Boyama Zavodu), 2 köməkçi sahə (110 kilovoltluq və Silisium Düzləndirici Yarımstansiya, Mexaniki Təmir Stansiyası) və sosial obyektlər daxildir.

Kompleksdə avtomatlaşdırılmış, müasir texnologiyalara əsaslanan, ildə 54 min ton ilkin alüminium istehsal gücündə zavodlar fəaliyyət göstərir. Kompleksdə istehsal olunan maye şəkilli ilkin alüminiumdan istifadə edərək, dünya standartlarına cavab verən Metaltökmə və Fasiləsiz Yayma Zavodu, Təzyiqlə Emal və Boyama Zavodu fəaliyyət göstərir. “Azəralüminium”un istehsal etdiyi məhsullar Avropa İttifaqı standartlarının bütün tələblərinə cavab verir.

Son xəbərlər

Bütün Xəbər Lenti