Anqolada nadir torpaq metallarının dünyadakı ən böyük yataqlarından birini işlədən Böyük Britaniyanın “Pensana” şirkəti Yaponiyanın “Hanwa” qrupu ilə memorandum imzalayıb.
“Report” xəbər verir ki, bu barədə “Ecofin” biznes xəbər agentliyi məlumat yayıb.
Müqaviləyə əsasən, “Hanwa” “Pensana”dan hər il 20 min ton qarışıq nadir torpaq karbonatı (MREC) almaq niyyətindədir ki, bu da Britaniya şirkətinin qarşıdakı illər üçün planlaşdırdığı istehsal həcminin demək olar yarısıdır.
Qeyd edilir ki, “Hanva” və “Pensana” MREC-in qlobal bazarda birgə satışında da əməkdaşlıq edəcəklər.
“Pensana” Anqolanın mərkəzi hissəsində, Lonqonco şəhəri yaxınlığında nadir torpaq metallarının çıxarılması üzrə açıq mədən və zənginləşdirmə zavodunun tikintisini başa çatdırır. Yatağın işlənməsinə ilkin investisiya 217 milyon ABŞ dollarına çatır. İlk məhsulların dünya bazarına 2025-ci ilin avqustunda çıxacağı gözlənilir.