Britaniya şirkəti bu il Gədəbəydə tullantı anbarının genişləndirilməsini tamamlayacaq
- 22 may, 2025
- 13:40
Yeniliklərdən dərhal xəbərdar olun!
“Gədəbəy” tullantı anbarının iki mərhələli genişləndirilməsi prosesinin birinci mərhələsi 2024-cü ildə tamamlanıb, ikinci mərhələnin isə 2025-ci ilin ikinci yarısında başa çatdırılması planlaşdırılır.
Bu barədə “Report” Böyük Britaniyanın Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan “Anglo Asian Mining Plc.” (AAM) şirkətinin məlumatına istinadən xəbər verir.
"Tullantı anbarının divarının 2,5 metr qaldırılmasını nəzərdə tutan birinci mərhələ 2024-cü ilin noyabrında tamamlanıb. Divarın layihədə nəzərdə tutulmuş maksimum hündürlüyə qədər qaldırılmasının ikinci mərhələsinə qrafikə uyğun olaraq 2025-ci ilin ikinci yarısında yekun vurulmalıdır", - məlumatda bildirilib.
Qeyd olunub ki, şirkət 2026-cı ilin sonuna qədər bütün əməliyyatlarında "Tullantı anbarlarının idarə edilməsi üzrə qlobal sənaye standartları"nın (GISTM) tətbiqini başa çatdırmağı planlaşdırır.
Xəbər verildiyi kimi, tullantı anbarının bəndinin divarı 2-3 illik istehsal fəaliyyətində filiz emalı tullantılarının saxlanması üçün kifayət qədər tutumu təmin etmək məqsədilə 7 metr qaldırılacaq və bu prosesin iki mərhələdə həyata keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, Production Sharing Agreement (PSA) tipli müqavilə 1997-ci il avqust ayının 21-də imzalanıb və 6 yatağın işlənməsini nəzərdə tutub. Müqavilədə Azərbaycanın payı 51 %, “Anglo Asian Mining PLC” şirkətinin payı 49 % təşkil edir. Hazırda ААМ Azərbaycanda 8 müqavilə sahəsini işləmək hüququna malik olsa da, hələlik “Gədəbəy” və “Qoşa” müqavilə sahələrindən qiymətli metal hasil edir.