Azərbaycanda kənd təsərrüfatının rentabelli sahələrindən biri meyvəçilikdir. Bu sahədə yeni texnologiyalardan istifadə etməklə meyvə istehsalının artırılması, məhsulların yeni bazarlara çıxarılması məqsədilə tədbirlər həyata keçirilir.
"Report" xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, bu istiqamətdə görülən işlərdən biri də müasir texnologiyalara əsaslanan meyvə emalı müəssisələrinin yaradılmasıdır.
Belə müəssisələrdən biri də “BalaCans” MMC-nin Balakəndə tikilən meyvə emalı zavodudur. Hazırda müəssisədə son tamamlama işləri aparılır.
İldə 1,5 milyon litr meyvə şirəsi istehsal etmək gücündə olan zavodda 80 iş yeri açılacaq.
Ümumi investisiya dəyəri 16,1 milyon manat olan layihəyə İqtisadiyyat Nazirliyi investisiya təşviqi sənədi, Sahibkarlığın İnkişafı Fondu isə 7 milyon manat güzəştli kredit verib.
Zavodun yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulur.