Bakıda sənaye məhsullarının istehsalı bir ildə 2 dəfə artıb
- 09 avqust, 2022
- 08:21
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-iyun aylarında Bakı şəhərində sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 36,8 milyard manat təşkil edib.
Bu barədə “Report”a Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, bu, ötən ilin yanvar-iyun ayları ilə müqayisıdə 18,1 milyard manat və ya 1,97 dəfə çoxdur.
Sənaye məhsulunun 85,8 %-i mədənçıxarma, 12,2 %-i emal, 1,5 %-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,5 %-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.
Sənayedə qeyri-dövlət sektorunun payı 90,9 % olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 95 %, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 5 % təşkil edib.
İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 1 iyul 2022-ci il vəziyyətinə 374,5 milyon manatlıq hazır məhsul ehtiyatı olub. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 70,7 milyon manat məbləğində digər məhsullar da mövcud olub.
Azərbaycanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən isə 2022-ci ilin yanvar-iyun aylarında 42,2 milyard manatlıq və ya 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,1 % çox sənaye məhsulu istehsal edilib. Neft-qaz sektorunda məhsul istehsalı 0,6 %, qeyri neft-qaz sektorunda isə 11,5 % artıb.