Bakıda sənaye istehsalı 93 % artıb
- 03 sentyabr, 2022
- 05:41
Bu ilin yanvar-iyul aylarında Bakıda sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 43,1 milyard manat təşkil edib.
Bu barədə “Report” Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir.
Bildirilir ki, bu, ötən ilin yanvar-iyul ayları ilə müqayisədə 20,8 milyard manat və ya 93,3 % çoxdur.
Sənaye məhsulunun 85,5 %-i mədənçıxarma, 12,6 %-i emal, 1,5 %-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,4 %-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.
Sənayedə qeyri-dövlət sektorunun payı 90,6 % olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 95,1 %, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 4,9 % təşkil edib.
İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında bu ilin avqustun 1-nə 421,5 milyon manatlıq hazır məhsul ehtiyatı olub.
Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 76,5 milyon manat məbləğində digər məhsullar da mövcud olub.