2020-ci ildə Bakıda sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin dəyəri 2019-cu illə müqayisədə 4,8 % azalaraq 29,7 milyard manat təşkil edib.
Bu barədə “Report”a Dövlət Statistika Komitəsinin Bakı Şəhər Statistika İdarəsindən məlumat verilib.
Məlumata görə, sənaye məhsulunun 74,6 %-i mədənçıxarma, 22,5 %-i emal, 2,1 %-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,8 %-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.
Sənayedə qeyri-dövlət sektorunun payı 78,7 % olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 85,3 %, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 14,7 % təşkil edib.
İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 1 yanvar 2021-ci ilə 343,9 mln manatlıq hazır məhsul ehtiyatı olub. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 91,3 milyon manat məbləğində digər məhsullar da mövcud olub.