Bakıda sənaye istehsalı 22 % azalıb
- 16 avqust, 2023
- 06:19
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-iyul aylarında Bakı şəhərində sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 33,8 milyard manat təşkil edib.
Bu barədə “Report” Bakı şəhər Statistika İdarəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,3 milyard manat və ya 21,6 % azdır.
Sənaye məhsulunun 80,4 %-i mədənçıxarma, 16,9 %-i emal, 2 %-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,7 %-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.
Sənayedə qeyri-dövlət sektorunun payı 87,2 %-i olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 92,3 %-i, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 7,7 təşkil edib.
İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında avqustun 1-nə 731,8 milyon manatlıq hazır məhsul ehtiyatı olub.
Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 52,6 milyon manat məbləğində digər məhsullar da mövcud olub.
Qeyd edək ki, 2023-cü ilin yanvar-iyul aylarında Azərbaycanda 39,8 milyard manatlıq və ya 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,6 % az sənaye məhsulu istehsal edilib. Neft-qaz sektorunda məhsul istehsalı 2,4 % azalıb, qeyri neft-qaz sektorunda isə 6,5 % artıb.