Bakıda sənaye istehsalı 2 %-ə yaxın azalıb
- 08 avqust, 2023
- 06:33
Bu ilin I yarısında Bakıda sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin dəyəri 29,6 milyard manat təşkil edib.
Bu barədə “Report” Bakı şəhər Statistika İdarəsinə istinadən məlumat verir.
Bildirilir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,5 % azdır.
Sənaye məhsulunun 80,5 %-i mədənçıxarma, 16,7 %-i emal, 2 %-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,8 %-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.
Sənayedə qeyri-dövlət sektorunun payı 87,4 % olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 92,6 %, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 7,4 % təşkil edib.
İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında bu ilin iyulun 1-nə 425,2 milyon manatlıq hazır məhsul ehtiyatı olub.
Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 52,3 milyon manat məbləğində digər məhsullar da mövcud olub.
Xatırladaq ki, bu ilin yanvar-iyun aylarında Azərbaycanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 1,6 % azalaraq 34,7 milyard manat təşkil edib.