Bakıda sənaye istehsalı 10 % azalıb
- 17 may, 2023
- 07:44
Bu ilin yanvar-mart aylarında Bakı şəhərində sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 15,9 milyard manat təşkil edib.
“Report”un Bakı şəhər Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 1,8 milyard manat və ya 10,17 % azdır.
Bildirilir ki, sənaye məhsulunun 83,1 %-i mədənçıxarma, 14,2 %-i emal, 2,2 %-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,5 %-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.
Sənayedə qeyri-dövlət sektorunun payı 88,8 % olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 93,7 %, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 6,3 % təşkil edib.
İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında bu ilin 1 aprel vəziyyətinə 488,5 milyon manatlıq hazır məhsul ehtiyatı olub.
Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınıb və satış üçün nəzərdə tutulmuş 54,2 milyon manat məbləğində digər məhsullar da mövcud olub.
Qeyd edək ki, sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən I rübdə ölkədə 18,6 milyard manatlıq və ya 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,2 % az sənaye məhsulu istehsal edilib. Neft-qaz sektorunda məhsul istehsalı 4 % azalıb, qeyri neft-qaz sektorunda isə 4,7 % artıb.