Bakıda I Milli Sənaye Mühəndisliyi Forumu keçirilir

Bakıda I Milli Sənaye Mühəndisliyi Forumu keçirilir Tədbir sənayenin inkişafına dəstək məqsədi daşıyır
Sənaye
9 Aprel , 2017 09:55
Bakıda I Milli Sənaye Mühəndisliyi Forumu keçirilir

Bakı. 9 aprel. REPORT.AZ/ Bu gün Bakıda I Milli Sənaye Mühəndisliyi Forumu öz işinə başlayıb.

“Report” xəbər verir ki, sənayenin inkişafına dəstək məqsədilə ilk dəfə keçirilən tədbirdə layihələrin, istehsalın, təchizat zəncirinin və keyfiyyətin idarə olunması mövzuları müzakirə olunur.

Tədbirin açılışında çıxış edən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı bildirib ki, bu formun keçirilməsinə stimul verən önəmli amillərdən biri Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi,“Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi və eyni zamanda Azərbaycan Prezidenti İlham Əliyevin 15.11.2016 Bakı Mühəndislik Universitetinin yaradılması haqqında sərəncamlarıdır.

O qeyd edib ki, daha əvvəllər müxtəlif sahələr və ixtisaslar üzrə milli forumlar təşkil edilsə də sənaye mühəndislərinin və bu sahə üzrə davam etmək istəyən gənc mühəndislərin istiqamətləndirilməsi yönündə bənzər forumlar mövcud deyil: “Milli Sənaye Mühəndisliyi Formunu təşkil edərək belə bir problemi aradan qaldırmaqla yanaşı yeni bir tendensiyada başladılmış olacaq”.

Rektor əlavə edib ki, forumun təşkil olunmasında başlıca məqsəd sənayenin müxtəlif sahələrində fəaliyyət göstərən peşəkərları bir araya toplayaraq sənayenin müxtəlif perspektivləri üzrə fikir mübadiləsi etmək, yerli və beynəlxalq təcrübələrdən faydalanmaqdır:"Qısa müddətdə ildə bir dəfə olaraq həyata keçirilməsi nəzərdə tutulan bu forumun, geniş məcrada beynəlxalq səviyyədə təşkil edilməsi, Azərbaycanı və ölkə sənayesini dünyada yüksək səviyədə təmsil etməsi hədəflənməkdədir".

Kaliforniya Berkli Universitetinin professoru, dünyaşöhrətli alim Lütfi Zadənin forum iştirakçılarına təbrik məktubu ünvanlayıb.

Forumun təşkilatçıları Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və "LEAN" konsaltinq şirkətidir.

Tədbirdə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Strateji inkişaf üzrə vitse-prezidentinin müşaviri Teymur Əliyev çıxış edərək Heydər Əliyev adına Neft Emalı Zavodu və "Azərikimya"da həyata keçirilən yenidənqurma layihələrindən, bu istiqamətdə indiyədək görülən və icra olunması planlaşdırılan işlərdən danışıb.

SOCAR-ın İnsan Resursları Departamentinin rəisi Asif Bəkirli də çıxışında şirkətin kadr siyasəti, işəqəbul prosesi, daxili və xarici təqaüd proqramları barədə məlumat verib.

Son xəbərlər

Orphus sistemi