“Azəripək" zərərini azaldıb
- 16 sentyabr, 2022
- 12:20
Yeniliklərdən dərhal xəbərdar olun!
“Azərbaycan Sənaye Korporasiyası” ASC-yə məxsus "Azəripək” MMC” 2021-ci ili 194 min manat zərərlə başa vurub.
“Report” şirkətin maliyyə hesabarına istinadən xəbər verir ki, bu, 2020-ci illə müqayisədə 27,6% azdır.
Bununla belə, sənaye müəssisəsinin yığılmış zərəri 32,9% artaraq 788 min manata çatıb.
Bu il yanvarın 1-nə “Azəripək”in aktivləri 11,066 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 1,9% azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 12,2 dəfə azalaraq 0,307 milyon manata düşüb, balans kapitalı isə 43% artaraq 10,759 milyon manata, o cümlədən nizamnamə kapitalı isə 45,9% artaraq 11,85 milyon manata çatıb.
Xatırladaq ki, “Azəripək” 2018-ci ildə yaradılıb. Cəmiyyətin tərkibində olan istehsal sahələrinə baramadan xam ipəyi açan istehsalat, toxucu istehsalatı, boyaq-bəzək istehsalatı, pambıq əyirici istehsalatı, burucu sex daxildir. Qeyri-istehsal sahələri isə idarə binası, mexanika, energetika, avtonəqliyyat və xammal sahələrindən ibarətdir.
Pambıqəyirmə istehsalatının 3 növbəli iş rejimində illik istehsal gücü 3 min ton olan mahlıc emalı, baramadan xam ipəyi açan istehsalatın 1 növbəli iş rejimində illik istehsal gücü 500 ton olan yaş barama emalı, toxucu istehsalatının 1 növbəli iş rejimində illik istehsal gücü 50 min p/m olan ipək parça, 40 min p/m olan pambıq parça istehsalı, boyaq-bəzək istehsalatının 1 növbəli iş rejimində illik istehsal gücü əl üsulu ilə 10 min ədəd olan kəlağayı və 5 min ədəd olan şərf təşkil edir.
Müəssisənin istehsal etdiyi məhsullar əsasən Rusiya, Türkiyə və İrana ixrac olunur.