Yuxarı
    Bağlamaq

    "Azərikimya" Birliyinə üç idarəetmə sistemi üzrə sertifikatlar təqdim olunub

    Azərikimya” İB-nin beynəlxalq standartlara keçidi ilə əlaqədar tədbir keçirilib© Report.az

    Bakı. 14 iyun. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Sumqayıt Təlim-Tədris Mərkəzində “Azərikimya” İB-nin beynəlxalq standartlara keçidi ilə əlaqədar tədbir keçirilib.

    “Report” xəbər verir ki, “Azərikimya” İB-yə ISO 9001:2008, ISO 14001:2004 və OHSAS 18001:2007 İdarəetmə Sistemləri üzrə sertifikatlar təqdim olunub.

    Mərasimdə çıxış edən SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov bildirib ki, SOCAR beynəlxalq standartlara böyük önəm verir: “Beynəlxalq şirkət olmaq yolunda Azərbaycan Prezidentinin şirkət qarşısında qoyduğu tapşırıq uğurla həyata keçirilir. Əsas tapşırıq həm də SOCAR-ın işini beynəlxalq standartların tələbləri çərçivəsində qurması ilə bağlıdır. Bu gün Etilen-Polietilen Zavoduna “Bureau Veritas” şirkətinin 3 sertifikatının təqdim olunması zavodun işini bu şirkətin standartlarının tələbləri çərçivəsində qura bildiyini göstərir”.

    Tədbirdə “Azərikimya” İB-nin icraçı direktorunun əməyin mühafizəsi və ətraf mühitin qorunması üzrə müavini Vüqar Kərimov İB-nin idarə və müəssisələrində işlərin təhlükəsiz aparılması və istənilən təhlükə potensialının aradan qaldırılması, işçi heyətin heç bir xəsarət almadan işləməsinin təmin edilməsi, ətraf mühitə mənfi təsirin minimuma endirilməsi və həmçinin baş verə biləcək hadisələrin, qəzaların qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlərin görülməsi “Azərikimya”nın fəaliyyətinin əsas istiqamətlərindən biri olduğunu qeyd edib.

    O bildirib ki, İSO 9001:2008, İSO 14001:2004 və OHSAS 18001:2007 İdarəetmə Sistemlərinin tətbiq olunması vacib bir amil kimi qarşıya qoyulub: “Bütün bunlar nəzərə alınaraq 2015-cı ilin avqust ayından başlayaraq yuxarıda qeyd olunan beynəlxalq standartların tətbiqi və sertifikatlaşdırılması işlərinin yerinə yetirilməsi məqsədilə işçi qrup yaradılaraq SOCAR-ın Təlim Tədris Mərkəzində təlimlərə cəlb olunub, bundan sonra Birliyin siyasəti hazırlanaraq hədəflər müəyyənləşdirilib və I və II tərəf daxili audit keçirilib. Cari ilin yanvar ayında müsabiqənin qalibi seçilmiş “Bureau Veritas Azeri” MMC şirkəti tərəfindən “Azərikimya” İB-də III tərəf audit keçirilib, aşkar olunan çatışmazlıqlarla bağlı verilmiş təklif və tövsiyələr müşahidə xarakterli olduğu üçün yerindəcə aradan qaldırılıb. Nəticə etibarilə isə “Azərikimya” İB ISO 9001:2008 Keyfiyyətlə İdarəetmə Sistemi, ISO 14001:2004 Ətraf Mühitin Mühafizəsinin İdarə edilməsi Sistemi, OHSAS 18001:2007 Sağlamlıq və Təhlükəsizlik Texnikasının İdarə edilməsi Sisteminə keçidlə bağlı sertifikata layiq görülüb”.

    Tədbirdə “Bureau Veritas Azeri” MMC şirkətinin Sertifikasiya və tədris üzrə meneceri, baş auditor Cəlal Quliyev tərəfindən hər üç idarəetmə sistemi üzrə sertifikatlar “Azərikimya” İB-yə təqdim olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi