Yuxarı

"Azərikimya"da tullantı suların təmizlənməsi qurğusunun təməlqoyma mərasimi keçirilib

1 980 kubmetr kimyəvi çirkab sularının tam təmizlənməsi mümkün olacaq

Bakı. 29 aprel. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) “Azərikimya” İstehsalat Birliyinin Etilen-Polietilen Zavodunun ərazisində SOCAR-ın ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadənin iştirakı ilə Birliyin struktur bölmələrində əmələ gələn məişət və sənaye çirkab sularının təmizlənməsi qurğusunun təməlqoyma mərasimi keçirilib.

"Report" SOCAR-a istinadən xəbər verir ki, “Azərikimya” İB-nin icraçı direktorunun əməyin mühafizəsi və ətraf mühitin qorunması üzrə müavini Vüqar Kərimov Birlik müəssisələrində məişət və kimyəvi çirkab sularının idarə olunması ilə bağlı məlumat verib. O, 1967-ci ildən fəaliyyət göstərən “Təmizləyici qurgular” sahəsinin istismar müddətinin başa çatdığını bildirib, müasir standartlara uyğun yeni qurğunun tikintisi üçün qərar verildiyini və müvafiq prosedurların keçirildiyini söyləyib. Bildirilib ki, qurğunun layihələndirmə, təchizat, tikintiyə nəzarət və şef-montaj işlərinin satın alınması məqsədilə tender keçirilib, Türkiyənin “İdeal Atık və Su Arıtma Sistemləri” şirkəti tenderin qalibi olub və bu şirkətlə “Azərikimya” İB arasında müqavilə imzalanıb. 

Təməlqoyma mərasimində yeni qurğunun kimya sənayesi və ümumilikdə Sumqayıt şəhəri üçün mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb, qeyd edilib ki, mövcud sutəmizləmə qurğusu 22 hektar ərazini əhatə etdiyi halda, yeni qurğu cəmi 1 hektar ərazidə inşa olunacaq. Layihə gücü 2 500 kubmetr/gün olan qurğuda elektrik enerjisinə və əmək sərfinə qənaət etməklə, sutka ərzində 520 kubmetr məişət, 1 980 kubmetr kimyəvi çirkab sularının tam təmizlənməsi mümkün olacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi