“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İdarə Heyəti dövlət başçısının 19 mart 2020-ci il tarixli “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 300 min manat məbləğində ianə ayrılmasına dair qərar qəbul edib.
Qurumdan “Report”a verilən məlumata görə, müvafiq vəsait “AzerGold” QSC-nin əməkhaqqı fondundan cəlb ediləcək.
Bununla yanaşı, Cəmiyyətin podratçıları, “Star Mining”, “Azplast 2012” və “AT Geotech” şirkətləri də dövlət başçısının təşəbbüsünə qoşularaq, ayrılıqda 50 min manat olmaqla, ümumilikdə 150 min manat vəsaiti Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürəcək.
“AzerGold” koronavirus pandemiyası ilə mübarizədə Azərbaycan ictimaiyyəti ilə həmrəy olduğunu bəyan edir.