2022-ci ildə "AzerGold" QSC qızıl-gümüş satışı hesabına ölkə iqtisadiyyatına 207,2 milyon manat, 2017-2022-ci illərdə isə 960,7 milyon manat vəsait cəlb edib.
"Report" bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.
Məlumata görə, ötən il qurum 63,5 min unsiya qızıl və 207,8 min unsiya gümüş satıb. Bunlar, əvvəlki illə müqayisədə müvafiq olaraq 3,7 min unsiya (6,1 %) və 74,9 min unsiya (56,3 %) çoxdur.
Beləliklə, 2017-2022-ci illər üzrə ümumi satış göstəriciləri 348 min unsiya qızıl və 733 min unsiya gümüş təşkil edib.
2022-ci ildə satılmış qızılın 59,9 min unsiyası, gümüşün isə 193,5 min unsiyası beynəlxalq bazarlarda realizə edilib. Pərakəndə bazarda satış göstəriciləri 3 min unsiya qızıl, 130 unsiya gümüş təşkil edib. Daxili bazarın tələbatı üzrə isə 555 unsiya qızılın, 14,2 min unsiya gümüşün satışı icra edilib.