Bu gün “AzerGold” QSC-nin Müşahidə Şurasının (MŞ) növbəti iclası keçirilib.
"Report" quruma istinadən xəbər verir ki, iclasda MŞ üzvləri, eləcə də səhmdar cəmiyyətinin sədri və İdarə Heyətinin üzvləri iştirak ediblər.
İclas iştirakçıları şirkətin builki gəlir-xərc smetasına dəyişiklikləri, “Cəmiyyətin qızıl satışından gəlirlərinə bazar qiymətinin mənfi təsirinin minimallaşdırılmasının təmin edilməsi məqsədi ilə hedcinq əməliyyatları üzrə Qaydalar”ı müzakirə edərək təsdiq edib. Cəmiyyətin işğaldan azad olunmuş ərazilərdəki əlvan metal yataqlarının perspektivliyi ilə bağlı strateji təhlilləri, “Daşkəsən” dəmir filizi yatağının istismarı layihəsi və digər dəyişikliklərin 2035-ci ilə qədər olan dövr üzrə inkişaf strategiyası daxilində təsdiq edilməsinə dair müvafiq qərarlar qəbul edilib.