Bu ilin I rübündə "AzerGold" QSC beynəlxalq və yerli bazarlarda 8,3 min unsiya qızıl, 33,5 min unsiya gümüş satıb.
"Report" səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, satışın hesabına ümumilikdə 27,9 milyon manat vəsait əldə edilib.
Ötən ilin eyni dövrü ilə müqayisədə qızıl satışının həcmi 14 %, gümüş satışının həcmi 79 %, satış gəlirləri isə 13,9 % artıb.
Ümumi satış göstəricilərinə 7,3 min unsiya qızıl və 20 min unsiya gümüşün ixracı, 943 unsiya qızıl, 13,4 min unsiya gümüşün yerli bazarlarda satışı daxildir. 2022-ci ilin eyni dövrü ilə müqayisədə qızıl və gümüşün ixrac həcmlərində müvafiq olaraq, 15 % və 7,6 % artım qeydə alınıb.
I rübdə ixrac əməliyyatları nəticəsində ölkə iqtisadiyyatına cəlb edilən vəsait 24,1 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,6 % artım deməkdir.