"Bilirsiniz ki, Azərbaycanın ən zəngin əlvan metal yataqları işğal altında olan Dağlıq Qarabağ və ətraf rayonlarda yerləşir və bu yataqlarda hazırda qeyri-qanuni hasilat işləri aparılır".
“Report”un məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov bildirib.
Onun sözlərinə görə, digər ölkələrdə belə hallar baş verdikdə dünya ictimaiyyətinin mövqeyi qəti və birtərəfli olsa da, çox təəssüf ki, Dağlıq Qarabağda aparılan qeyri-qanuni hasilata dünyada ikili standartlarla yanaşılır: “Lakin, “AzerGold” QSC işğal edilmiş ərazilərdə əlvan metalların qeyri-qanuni hasilatını təşkil edən və həyata keçirən bir sıra Ermənistan və Avropa şirkətlərinin qanunsuz əməllərinə hüquqi qiymətin verilməsi məqsədi ilə müvafiq addımlar atır. Belə ki, 2018-ci ildə “AzerGold” QSC tərəfindən məsələ ilə bağlı açıq mənbələrdən toplanan məlumatlar Baş Prokurorluğa təqdim edilmişdir və nəticədə Baş Prokurorluq tərəfindən müvafiq cinayət iş aparılıb”.
O bildirib ki, ötən il Avropa Şurası Parlament Assambleyasında Azərbaycanın işğal olunmuş ərazilərində həyata keçirilən qanunsuz fəaliyyətlər və bu fəaliyyətlərin Avropa Şurası qarşısında götürülmüş öhdəliklər müstəvisində yaratdığı nəticələrə həsr olunmuş tədbirdə də tərəfimizdən məsələ ilə bağlı müfəssəl məlumatlar təqdim edilib: “Bu məsələ ilə bağlı müəyyən edilmiş hədəflərin icrası məqsədilə yerli və xarici müstəvidə müvafiq işlərin həyata keçirilməsi davam etdirilir”.