“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) hasilat işlərini Operativ qərargahın tələb və tövsiyyələrinə uyğun qaydada aparır.
Bunu “Report”a “AzerGold” QSC-nin mətbuat katibi Ariz Tarverdiyev pandemiya ilə əlaqədar məhdudiyyətlərin qoyulduğu bir dövrdə hasilat və ixrac fəaliyyətinin necə tənzimlənməsi ilə bağlı suala cavabında bildirib.
“Bildiyiniz kimi, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, karantin rejimində bəzi dövlət əhəmiyyətli və həyat təminatı obyektləri, habelə bəzi xüsusi müəssisələr fəaliyyətini fasiləsiz rejimdə davam etdirir. “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti də bu siyahıda yer alır və hasilat işlərini Operativ qərargahın tələb və tövsiyyələrinə uyğun qaydada aparır”.
O qeyd edib ki, hasilata başladığı ildən mənfəətlə çalışan “AzerGold” fəaliyyətini cari ildə də uğurla davam etdirir: “İstər hasilat, istərsə də satış əməliyyatları ötən aylarda plandan daha artıq həyata keçirilib. Bunun nəticəsidir ki, koronavirus pandemiyası ilə əlaqədar ölkələrarası müntəzəm uçuşlara məhdudiyyətlərin qoyulduğu, ixracın həyata keçirilmədiyi dövrdə də hasilatın və digər fəaliyyətlərin tam gücü ilə bir müddət davam etdirilməsi üçün maddi resurslarmövcuddur”.