“AzerGold” QSC Bakı Ekspo Mərkəzində keçirilən 3-cü Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” – “Rebuild Karabakh” sərgisində iştirak edir.
Sərgi pavilyonunda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən geniş abadlıq-quruculuq tədbirləri ilə bağlı yerli və xarici şirkətlər, dövlət qurumları tərəfindən təqdimatlar edilir, mövcud məhsul və xidmətlər sərgi iştirakçılarının diqqətinə çatdırılır.
“AzerGold”un sərgi guşəsində isə Qarabağ və Şərqi Zəngəzurun Ermənistanın işğalı dövründə həyata keçirilmiş qanunsuz istismar faktlarına hüquqi qiymətin verilməsi məqsədilə aparılan araşdırmalar, habelə Kəlbəcər rayonu ərazisində yerləşən “Tutxun” təzahür sahəsində icra olunan yerüstü axtarış-kəşfiyyat işlərinə dair məlumatlar verilir. Həmçinin dövlət şirkətinin əsas fəaliyyət göstəriciləri, hasilat bölgələrində həyata keçirdiyi çoxsaylı ekoloji və sosial məsuliyyət tədbirləri haqqında təqdimat, audiovizual və çap materialları sərgi iştirakçılarının diqqətinə çatdırılır.
Eyni zamanda sərgidə “AzerGold” 2019-cu ildən ölkəmizin pərakəndə satış bazarına təqdim etdiyi qızıl və gümüş sikkələri, eləcə də qızıl külçələri nümayişə çıxarıb. Nəfis tərtibatda dizayn edilmiş, incə naxışlarla zərb edilmiş 999,9 əyarlı məhsullar sərgini ziyarət edən yerli və xarici vətəndaşların böyük marağına səbəb olur. Qonaqlara Azərbaycanın müasirliyini, tarix və incəsənətini, qədim ənənələrini təbliğ edən “Heydər Əliyev Mərkəzi”, “Qobustan”, həmçinin Qarabağın tarixi-mədəni irsini tərənnüm edən “Qarabağ inciləri”, “Şuşa”, “Qarabağ xalçası: Çələbi”, “Xurşidbanu Natəvan” və digər qiymətli məhsullar barədə ətraflı məlumatlar verilir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə işğaldan azad edilmiş Qarabağın bərpası və inkişafına həsr olunmuş yeganə və ilk ixtisaslaşmış sərgi olan “Rebuild Karabakh” sabaha qədər davam edəcək.