Yuxarı

“AzerGold” 2025-ci ildə Avropanın ən iri yataqlarından birinin istismarına başlayacaq

“AzerGold”: 2025-ci ildə"Filizçay" yatağın istismarına başlanılacaq

224

© Report / Elchin Murad — Zakir İbrahimov

Balakən rayonunda yerləşən "Filizçay" yatağı filiz ehtiyyatlarının həcminə görə Avropanın ən iri yataqlarından biri hesab edilir və dünyada polimetal yataqlarının ilk onluğuna daxildir.

“Report”un məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov bildirib.

Onun sözlərinə görə, yatağın 1-ci fazası üçün ilkin hesablanmış sink, qızıl, gümüş, mis və qurğuşundan ibarət filiz ehtiyyatları 60 milyon tona yaxın proqnozlaşdırılır: “Planlaşdırılan tədqiqat işləri nəticəsində yatağın ümumi filiz ehtiyatlarının 120 milyon tona kimi artırılması da gözlənilir. Nəzərə almaq lazımdır ki, "Filizçay" yatağı ilə bağlı bütün məlumatlar Sovet dövrünə aiddir. Bu məlumatların beynəlxalq standartlara uyğun yenilənməsi prosesi kifayət qədər vaxt tələb edir. Bununla yanaşı hər bir yataq istismara verilənə qədər onun ehtiyyat həcmlərinə uyğun icra edilməsi tələb olunan mərhələləri var. Bu mərhələlərin müddəti yatağın həcmi ilə yanaşı, yerləşdiyi relyefdən, geoloji strukturdan və digər məsələlərdən asılı olaraq dəyişir. Yataqda hasilat işlərinə başlamazdan öncə potensial resursların təyin edilməsi, resurların hesablanması və təsdiqi, texniki-iqtisadi əsaslandırma və, nəhayət, tikinti işlərinin aparılması kimi mərhələlərdən keçməlidir ki, buna da müvafiq olaraq illər tələb olunur”.

O qeyd edib ki, bütün bu prosesləri nəzərə alaraq ilkin olaraq "Filizçay" yatağın aktiv istismarına 2027-ci ildən başlanılması planlaşdırılırdı: “Lakin biz bütün qüvvələrimizi səfərbər etmişik ki, yatağın istismarına 2 il daha tez, yəni 2025-ci ildə başlayaq. Mart ayından etibarən ərazidə buruq-qazma işləri icra ediləcək, növbəti mərhələdə isə metallurji sınaqların aparılması planlaşdırılır. Yatağın istismara verilməsi yüzlərlə iş yerinin açılmasına imkan yaradacaq və ümumilikdə, yatağın yerləşdiyi ərazidə sosial-iqtisadi inkişafa böyük töhfələr vermiş olacaq”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi