"Ötən 2019-cu ildə “AzerGold” QSC tam gücü ilə çalışaraq maksimal nailiyyətlər əldə edib".
“Report”un məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov bildirib.
Onun sözlərinə görə, hasilat, ixrac, geoloji kəşfiyyat və digər sahələrdə işlər plana uyğun, bəzi sahələr üzrə plandan daha artıq yerinə yetirilib: “Rəqəmlərlə ifadə etsək, ötən ildə 2018-ci il ilə müqayisədə qızıl hasilatında 21,3%, gümüş hasilatında isə 33,2% artım qeydə alınıb”.
O bildirib ki, 2019-cu ildə 50 min unsiya qızılın istehsalı nəzərdə tutulsa da, ilin yekununda 10,4% artıq olmaqla 55,2 min unsiya qızıl istehsal edilib: “Eyni şəkildə, il ərzində 87,4 min unsiya gümüşün istehsalı planlaşdırıldığı halda faktiki 17,9% artıq olmaqla 103 min unsiya gümüşün istehsalına nail olmuşuq. Məlumat üçün bildirim ki, 2019-cu ilin hasilat rəqəmləri "Çovdar" mədəninin fəaliyyəti dövründə qeydə alınan rekord göstəricidir.