Yuxarı

Azərbaycanda minik avtomobilinin istehsalı azalıb

Ölkədə cari ilin ilk 11 ayı ərzində cəmi 728 ədəd minik avtomobili istehsal olunub

Bakı. 26 dekabr. REPORT.AZ/ Azərbaycanda cari ilin yanvar-noyabr ayları ərzində 728 ədəd minik avtomobili istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 60,9% azalma deməkdir. "Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, cari il 1 dekabr tarixinə 245 ədəd hazır məhsul ehtiyatı yaranıb.

Hesabat ilində yük avtomobili istehsalı 334 ədəd, traktor 941 ədəd təşkil edib. Beləliklə, ötən ilin eyni dövrü ilə müqayisədə yük avtomobilləri üzrə 45,9% artım, traktor istehsalı üzrə isə 17,2% azalma qeydə alınıb.

Rəsmi statistikaya əsasən, maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 273,7 mln. manatlıq məhsul istehsal edilib, əvvəlki ilin yanvar-noyabr ayları ilə müqayisədə maşın və avadanlıqların istehsalı 29,8%, sair nəqliyyat vasitələrinin istehsalı 0,5 % azalıb, avtomobil və qoşquların istehsalı isə 4,5% artıb. Hesabat dövründə məişət kondisioneri istehsalı 85,0% azalıb və 180 ədəd təşkil edib.  

Qeyd edək ki, hazırda Azərbaycanda avtomobil istehsalı Naxçıvan, Gəncə şəhərləri və Şamaxı rayonunda həyata keçirilir.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, Azərbaycana avtomobil idxalı ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə və ya 31 157 ədəd azalaraq 2015-ci ilin yanvar-noyabr ayları ərzində 25 647 ədəd təşkil edib. Bunun 22 746 ədədi əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri olub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi