İndiyə qədər Azərbaycanın sənaye sonalarında istehsalı olunmuş 5,8 milyard manatlıq məhsulunun 1,7 milyard manatlıq hissəsi 35-dən çox ölkəyə ixrac olunub.
Bu barədə "Report"a İqtisadiyyat Nazirliyindən bildirilib.
Məlumata görə, təkcə ötən il sənaye zonaları üzrə ixrac əvvəlki ilə nisbətən 2,7 dəfə artıb (qeyri-neft sənayesi məhsullarının ixracında payı 30,8 %).
Bu günlərdə Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Tabaterra” QSC ilk məhsul ixracını Gürcüstana həyata keçirib. Hazırda şirkət Böyük Britaniya, Almaniya və İtaliya texnologiyaları əsasında beynəlxalq standartlara cavab verən üç növdə 80 fərqli çeşiddə tütün məmulatları istehsal edilir. Müəssisənin illik istehsal gücü 14 milyard ədəd siqaret təşkil edir.