Bu günə qədər Azərbaycandakı sənaye zonalarında 89 sahibkarlıq subyektinə rezidentlik statusu verilib və bunlardan artıq 55-i fəaliyyətə başlayıb.
"Report" bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, indiyə qədər sahibkarlar sənaye zonalarına 6,2 milyard manatdan çox investisiya yatırıb, 9 500-ə qədər iş yeri yaradılıb. Mövcud layihələr üzrə növbəti mərhələdə sənaye zonalarına əlavə 400 milyon manat investisiya yatırılması və 2 minə yaxın iş yerinin yaradılması nəzərdə tutulur.
Sənaye zonaları üzrə indiyədək ümumilikdə 5 milyard manatlıq məhsul istehsal edilib ki, bunun 1,4 milyard manatı (təqribən 28 %-i) ixrac olunub.
Sənaye zonalarında məhsul istehsalı və ixracı istiqamətində müsbət dinamika müşahidə olunur. Statistik göstəricilərə əsasən, ötən ilin 9 ayında sənaye zonalarında 977 milyon manatlıq məhsul istehsal edilibsə, bu ilin 9 ayında 56,7% çox (1,5 milyard manatlıq) məhsul istehsal olunub. Son 1 ildə ixracın dəyəri isə 2 dəfədən çox artaraq 545 milyon manat təşkil edib.
2021-ci ilin 9 ayında 1,5 milyard manatlıq məhsul istehsalı ilə sənaye zonalarının ölkə sənayesinin qeyri-neft sektorunda xüsüsi çəkisi 14,2%, qeyri-neft sənaye məhsullarının ixracında 25,9% (545 mln. manat) olub.
Sənaye zonalarında istehsal olunan məhsullar dünyanın 30-dan çox ölkəsinə ixrac edilib.
Sənaye zonalarında sahibkarlar üçün əlverişli investisiya mühiti yaradılıb. Belə ki, sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən 10 il müddətinə əmlak vergisindən, torpaq vergisindən, gəlir və ya mənfəət vergisindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və 7 il müddətinə gömrük rüsumlarından azad olunurlar.