Bu ilin yanvar-mart aylarında Azərbaycandakı sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar 20,6 milyard manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 3,9 % çox sənaye məhsulu istehsal edib.
“Report” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, son 1 ildə neft-qaz sektorunda məhsul istehsalı 1,1 %, qeyri neft-qaz sektorunda isə 18,1 % artıb.
Sənaye məhsulunun 73,7 %-i mədənçıxarma sektorunda, 21,6 %-i emal sektorunda, 4,2 %-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,5 %-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 5,4 % azalıb, əmtəəlik qaz hasilatı isə 16,4 % artıb.
Emal sektorunda sair nəqliyyat vasitələrinin istehsalı 6,6 dəfə, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 2,3 dəfə, elektrik avadanlıqlarının istehsalı 2,1 dəfə, tikinti materiallarının istehsalı 83,8 %, mebel istehsalı 70,0 %, kimya sənayesi məhsullarının istehsalı 69,1 %, əczaçılıq məhsullarının istehsalı 67,4 %, geyim istehsalı 50,2 %, metallurgiya sənayesi məhsullarının istehsalı 34,9 %, rezin və plastik kütlə məmulatlarının istehsalı 29,3 %, kağız və karton istehsalı 27,3 %, poliqrafiya məhsullarının istehsalı 25,2 %, maşın və avadanlıqların istehsalı 23,0 %, neft məhsullarının istehsalı 16,2 %, hazır metal məmulatlarının istehsalı 15,2 %, qida məhsullarının istehsalı 9,4 %, ağacın emalı və ağacdan məmulatların istehsalı 5,4 %, tütün məmulatlarının istehsalı 4,5 %, kompüter, elektron və optik məhsulların istehsalı 4,1 % artıb, toxuculuq sənayesi məhsullarının istehsalı 10,1 %, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 14,8 %, içkilərin istehsalı 20,0 %, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 21,6 % azalıb.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 2,2 %, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 10,2 % artıb.