Azərbaycanın neft-mədən avadanlıqları istehsalçısının zərəri 71 % artıb

Sənaye
  • 21 iyun, 2023
  • 04:57
Azərbaycanın neft-mədən avadanlıqları istehsalçısının zərəri 71 % artıb

“Bakı Neft Mədən Avadanlıqları” ASC 2022-ci ili 1,594 milyon manat xalis zərərlə başa vurub.

“Report” səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 71,2 % çoxdur.

Ötən il “Bakı Neft Mədən Avadanlıqları”nın satışının maya dəyəri 1,482 milyon manat (illik müqayisədə 66,7 % çox), ümumi və adminstrativ xərcləri 60 min manat (46,3 % çox), mənfəət vergisi ödəmələri isə 53 min manat (32,7 dəfə çox) təşkil edib.

Bu il yanvarın 1-nə “Bakı Neft Mədən Avadanlıqları”nın aktivləri 1,629 milyon manat olub ki, bu da illik müqayisədə 0,6 % azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 2,5 dəfə azalaraq 145 min manata düşüb, balans kapitalı isə 16,1 % artaraq 1,484 milyon manata çatıb.

Xatırladaq ki, “Bakı Neft Mədən Avadanlıqları” 1967–ci ildən fəaliyyət göstərən Bakı Neft Qaz Mədən Avadanlıqları Zavodunun bazasında 2001-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 766 min manatdır.

44 filmi