Azərbaycandan 3 Avropa ölkəsinə polietilen tədarükü bərpa olunub
- 08 dekabr, 2021
- 07:59
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin ilk 9 ayı ərzində Azərbaycan xaricə 122,239 milyon ABŞ dolları dəyərində 103 min 290,43 ton polietilen (ilkin formalarda) göndərib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 2,1 dəfə, kəmiyyət olaraq – 13,78 % çoxdur.
Xüsusi kütləsi 0,94-dən az olan ilkin formalı polietilen
Hesabat dövründə Azərbaycan 71,883 milyon ABŞ dolları dəyərində 60 min 664,68 ton bu kateqoriyadan olan məhsul ixrac edib ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,4 dəfə və 34,1 % çoxdur.
Polietilenimizin əsas tədarük bazarı Türkiyə, Çin və Ukraynadır. Türkiyəyə 24,651 milyon ABŞ dolları dəyərində 20 min 349 ton, Çinə 18,463 milyon ABŞ dolları dəyərində 17 min 797,5 ton, Ukraynaya 8,319 milyon ABŞ dolları dəyərində 6 min 975 ton, Litvaya 8,772 milyon ABŞ dolları dəyərində 6 min 027 ton, Rusiyaya 3,873 milyon ABŞ dolları dəyərində 3 min 339 ton, Özbəkistana 3,294 milyon ABŞ dolları dəyərində 2 min 730 ton, qalan 10 ölkəyə 4,512 milyon ABŞ dolları dəyərində 3 min 447,18 ton polietilen ixrac edilib.
Ötən ilin analoji dövrünün göstəriciləri ilə müqayisədə Türkiyəyə tədarük dəyər ifadəsində 2,9 dəfə, Çinə - 6,1 %, Ukraynaya – 6,6 dəfə, Rusiyaya – 5,7 dəfə, Özbəkistana – 14,4 dəfə artıb. Bu il ilk dəfə olaraq Misir və Meksikaya tədarük həyata keçirilib. Dördillik fasilənin ardından Çexiya və Bolqarıstana, birillik aradan sonra isə Litva və İrana ixrac bərpa olunub. 2019-cu ilin yanvar-sentyabr ayları ilə müqayisədə Litvaya ixrac dəyər ifadəsində 237 dəfə artıb, İrana isə 7,93 % azalıb.
Xüsusi kütləsi 0,94 və ya daha çox olan ilkin formalı polietilen
2021-ci ilin üç rübü ərzində Azərbaycan xaricə 50,357 milyon ABŞ dolları dəyərində 42 min 625,75 ton bu təsnifata uyğun olan məhsul tədarük edib. Ötən ilin eyni dövrü ilə müqayisədə ixrac dəyər ifadəsində 75,16 % artıb, kəmiyyət olaraq – 6,37 % azalıb.
Rusiyaya 34,55 milyon ABŞ dolları dəyərində 27 min 469,5 ton, Çinə 4,224 milyon ABŞ dolları dəyərində 5 min 625 ton, Qazaxıstana 4,761 milyon ABŞ dolları dəyərində 3 min 462,75 ton, Türkiyəyə 2,962 milyon ABŞ dolları dəyərində 2 min 902,5 ton, Ukraynaya 1,219 milyon ABŞ dolları dəyərində 744 ton, Gürcüstana 1,065 milyon ABŞ dolları dəyərində 949,5 ton, Litvaya 584,63 min ABŞ dolları dəyərində 593,75 ton, qalan 4 ölkəyə 924,24 min ABŞ dolları dəyərində 878,75 ton məhsul tədarük olunub.
Rusiyaya ixrac 2020-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 4,7 dəfə, Qazaxıstana – 88,5 dəfə, Ukraynaya – 149 dəfə, Litvaya – 6,5 dəfə artıb, Çinə - 55,95 %, Türkiyəyə - 68,73 %, Gürcüstana – 31,34 % azalıb. Bu il ilk dəfə olaraq Polşaya tədarük həyata keçirilib.
İdxal azalıb
Hesabat dövründə ölkəmizə 23,422 milyon ABŞ dolları dəyərində 18 min 424,24 ton polietilen idxal olunub ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 5,53 % və 27,5 % azdır.
Bu məhsulların 16,228 milyon ABŞ dolları dəyərində 13 min 448,16 tonu İrandan, 3,466 milyon ABŞ dolları dəyərində 3 min 111,28 tonu Səudiyyə Ərəbistanından, 975,06 min ABŞ dolları dəyərində 476,32 tonu Koreyadan, 907,81 min ABŞ dolları dəyərində 479,88 tonu ABŞ-dan, 525,86 min ABŞ dolları dəyərində 246,56 tonu Türkiyədən tədarük olunub. Həmin ölkələrdən idxal dəyər ifadəsində müvafiq olaraq 1,35 % azalıb, 57,01 %, 12,88 %, 21,8 % artıb, 47,74 % azalıb.