Bakı.16 noyabr.REPORT.AZ/ Bu ilin oktyabr ayında Azərbaycanda mədənçıxarma sənayesi üzrə istehsalçı qiymətləri 1,6% artıb. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, emal sənayesi üzrə isə istehsalçı qiymətlər 0,8% azalıb.
Su təchizatı, tullantıların təmizlənməsi və emalı və elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələri üzrə isə qiymətlərdə dəyişiklik baş verməyib. Ümumilikdə, sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 1,2% yüksəlib.
Mədənçıxarma sənayesində istehsalçı qiymətləri xam neft üzrə 1,6% artıb, digərlərinin qiymətləri isə sabit qalıb.
Ay ərzində emal sənayesində istehsalçı qiymətləri içki istehsalı üzrə 3,5%, qida məhsullarının istehsalı üzrə 1,0%, rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 0,6%, mebel istehsalı üzrə 0,2% artıb, kimya sənayesi üzrə 6,9%, tikinti materiallarının istehsalı üzrə 2,1%, neft məhsullarının istehsalı üzrə 1,5%, ağac emalı və ağacdan məmulatların istehsalı üzrə 0,7%, tütün məmulatlarının istehsalı üzrə 0,1% azalıb. Emal sənayesinin digər fəaliyyət növləri üzrə istehsalçı qiymətlərində ciddi dəyişiklik baş verməyib.