Azərbaycanda tikinti materiallarının istehsalı 34 %-dən çox artıb

Sənaye
  • 16 aprel, 2024
  • 07:36
Azərbaycanda tikinti materiallarının istehsalı 34 %-dən çox artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanda 274,6 milyon manat dəyərində tikinti materialları istehsal edilib.

"Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 34,4 % çoxdur.

Hesabat dövründə tikinti şüşəsi istehsalı 21,1 % artaraq 2 milyon 597,1 min kv.metrə, tikinti kərpicləri istehsalı 3,1 % azalaraq 127,8 min kubmetrə, sement klinkerləri 28,2 % artaraq 842,3 min tona, sement 26,3 % artaraq 890,7 min tona çatıb, əhəng istehsalı 58,1 % azalaraq 6,2 min tona, gips məmulatları istehsalı isə 13,5 % artaraq 29,5 min tona enib.

Bu ilin aprelin 1-nə ölkədə 1 milyon 795,5 min kv.metr tikinti şüşəsi, 1,7 min kubmetr tikinti kərpicləri, 369,1 min ton sement klinkeri, 88 min ton sement, 5,4 min ton əhəng, 12,2 min ton gips məmulatları ehtiyatı yaranıb.

Son üç ayda Azərbaycanda tikinti gipsinin istehsalı 27,1 % artaraq 19,7 min ton, sementdən, betondan kərpiclər və oxşar məmumatların istehsalı 2,9 dəfə artaraq 31 min ton olub. Bu müddət ərzində ölkədə betondan yığma tikinti konstruksiyalarının istehsalı 49,2 % artaraq 8,8 min kubmetr təşkil edib. Bu müddət ərzində beton istehsalı 34,6 % artaraq 1 milyon 116,5 min ton, asfalt istehsalı isə 2,6 % azalaraq 15 min ton təşkil edib.

Bu ilin aprelin 1-nə tikinti gipsinin ehtiyatı 1,9 min ton, sementdən, betondan kərpiclər və oxşar məmumatların ehtiyatı 21,9 min ton, betondan yığma tikinti konstruksiyalarının ehtiyatı 2,1 min kubmetr təşkil edib. Bu dövrdə ölkədə asfalt istehsalı ehtiyatı isə 0,2 min ton təşkil edib.