Azərbaycanda tikinti materiallarının istehsalı 30 %-dən çox artıb
- 15 avqust, 2024
- 10:00
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 779,7 milyon manat dəyərində tikinti materialları istehsal edilib.
"Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 30,2 % çoxdur.
Hesabat dövründə tikinti şüşəsi istehsalı 11,8 % artaraq 5 milyon 860,4 min kv.metrə, tikinti kərpicləri istehsalı 11 % artaraq 354,1 min kubmetrə, sement klinkerləri 7,9 % artaraq 2 milyon 338,1 min tona, sement 12,8 % artaraq 2 milyon 356,2 min tona çatıb, əhəng istehsalı 41,8 % azalaraq 18,8 min tona, gips məmulatları istehsalı isə 1,5 % azalaraq 66,7 min tona enib.
Bu ilin avqustun 1-nə ölkədə 1 milyon 437,5 min kv.metr tikinti şüşəsi, 2 min kubmetr tikinti kərpicləri, 162,3 min ton sement klinkeri, 68,5 min ton sement, 5,6 min ton əhəng, 9,6 min ton gips məmulatları ehtiyatı yaranıb.
Son 7 ayda Azərbaycanda tikinti gipsinin istehsalı 10 % artaraq 50 min ton, sementdən, betondan kərpiclər və oxşar məmumatların istehsalı 2,3 dəfə artaraq 89,5 min ton olub. Bu müddət ərzində ölkədə betondan yığma tikinti konstruksiyalarının istehsalı 25,6 % artaraq 20,6 min kubmetr təşkil edib. Bu müddət ərzində beton istehsalı 31,9 % artaraq 2 milyon 738,9 min ton, asfalt istehsalı isə 56,2 % artaraq 50,3 min ton təşkil edib.
Bu ilin avqustun 1-nə tikinti gipsinin ehtiyatı 1,9 min ton, sementdən, betondan kərpiclər və oxşar məmumatların ehtiyatı 17 min ton təşkil edib. Bu dövrdə ölkədə asfalt istehsalı ehtiyatı isə 0,1 min ton təşkil edib.