Azərbaycanda sənaye məhsulları istehsalında Bakının payı 83 %-i ötüb

Sənaye
  • 04 noyabr, 2024
  • 08:59
Azərbaycanda sənaye məhsulları istehsalında Bakının payı 83 %-i ötüb

Bu ilin yanvar-sentyabr aylarında Bakı şəhərində sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 39,8 milyard manat təşkil edib.

Bu barədə “Report”a Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.

Bu, 2023-cü ilin 9 ayı ilə müqayisədə 5,4 milyard manat və ya 11,9 % azdır.

Bu ilin yanvar-sentyabr aylarında sənaye məhsulunun 75,5 %-i mədənçıxarma, 21,4 %-i emal, 2,3 %-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,8 %-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

Sənayedə qeyri-dövlət sektorunun payı 82,6 % olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 89,9 %, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 10,1 % təşkil edib.

İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında bu ilin oktyabrın 1-nə 494,2 milyon manatlıq hazır məhsul ehtiyatı olub.

Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 46,5 milyon manat məbləğində digər məhsullar da mövcud olub.

Bakının ölkədə istehsal olunan sənaye mallarında və göstərilmiş xidmətlərdə payı 83,3 % təşkil edib.

Qeyd edək ki, Azərbaycanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən bu ilin yanvar-sentyabr aylarında 47,8 milyard manatlıq sənaye məhsulu istehsal edilib. 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə neft-qaz sektorunda məhsul istehsalı 0,6 %, qeyri neft-qaz sektorunda isə 8,7 % artıb.