Azərbaycanda sənaye məhəlləsi yaradıldı

Azərbaycanda sənaye məhəlləsi yaradıldı Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb
Sənaye
2 Fevral , 2015 19:17
Azərbaycanda sənaye məhəlləsi yaradıldı

Bakı. 2 fevral. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Neftçala Sənaye Məhəlləsinin yaradılması haqqında sərəncam imzalayıb.

"Report" xəbər verir ki, dövlət başçısı sərəncamla sənaye sahəsində fəaliyyət göstərən kiçik və orta sahibkarların fəaliyyətinin dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədi ilə Neftçala rayonunda Neftçala Sənaye Məhəlləsinin yaradılmasını, kiçik və orta sahibkarlığa dəstək məqsədi ilə Neftçala Sənaye Məhəlləsinin ərazisində qeyri-neft sənaye sahələri üzrə məhsul istehsalı və emalı müəssisələri, habelə xidmət müəssisələrinin yaradılmasının müəyyən edilməsini, Neftçala Sənaye Məhəlləsinin fəaliyyətinin təşkilini və tənzimlənməsinin “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilməsini qərara alıb.

Sərəncama əsasən, Nazirlər Kabinetinə Neftçala Sənaye Məhəlləsinin fəaliyyəti üçün 10 hektar torpaq sahəsinin icarəyə vermək hüququ ilə “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyətinin daimi istifadəsinə verilməsini iki ay müddətində təmin etməsi və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməsi və bu sərəncamdan irəli gələn digər məsələləri həll etməsi tapşırılıb.

İqtisadiyyat və Sənaye Nazirliyinə isə Neftçala Sənaye Məhəlləsinin fəaliyyətinin təşkilini, torpağın istifadəyə yararlı vəziyyətə gətirilməsini, xarici və daxili infrastrukturun (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) təkmilləşdirilməsi və sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün digər xidmətlərin göstərilməsini təmin etmək məqsədi ilə zəruri tədbirlər görməsi, Neftçala Sənaye Məhəlləsinin fəaliyyətinin təşkili, tənzimlənməsi, inkişafı, istehsal və emal olunan sənaye məhsulları üzrə prioritet istiqamətlərin müəyyənləşdirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etməsi və bu sərəncamdan irəli gələn digər məsələləri həll etməsi tapşırılıb.

Son xəbərlər

Orphus sistemi